AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ İDARƏ HEYƏTİNİN QƏRARI

Qəbul edildiyi tarix

26.02.2018

Qeydiyyat nömrəsi

4/1

Adı

“Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

08.03.2018

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.120.020

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201802260041

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

07.03.2018

 

 

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.4-cü və 22.0.17-ci maddələrinə, habelə “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən

 

Q Ə R A R A    A L I R:

 

1. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər təsdiq edilsin (əlavə olunur).

2. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

 

Mərkəzi Bankın sədri                                                                            Elman Rüstəmov

 


 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Mərkəzi Bankı

Qərar ą 4/1

“26” fevral 2018-ci il

 

 

“Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər

 

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 3.3-cü bənddə, 4.3.8.1-ci və 4.3.8.3-cü yarımbəndlərdə “ay ərzində” sözləri “təqvim ayı ərzində” sözləri ilə əvəz edilsin;

2. 4.3.1.1-ci yarımbənddə “gömrük bəyannaməsinin əsli” sözlərindən sonra “(və ya rezident və qeyri-rezident fiziki şəxslərin kommersiya və istehsal məqsədləri üçün nəzərdə tutulmayan beynəlxalq poçt göndərişləri ilə göndərilən mallarla bağlı Ümumdünya Poçt İttifaqının aktlarında nəzərdə tutulmuş müşayiətedici sənəd)” sözləri əlavə edilsin;

3. 4.3.1.2-ci yarımbənddə “akt” sözündən sonra “(nəqliyyat vasitələrinə respublikadan kənarda xidmətlərin göstərilməsinə dair hesab-faktura həmin xidmətlərin göstərildiyini təsdiq edən sənəd kimi çıxış edə bilər)” sözləri əlavə edilsin;

4. 4.3.1.3-cü yarımbənddə “180 (yüz səksən)” sözləri “270 (iki yüz yetmiş)” sözləri ilə əvəz edilsin;

5. 4.3.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“4.3.2. təkrar ixrac əməliyyatları üzrə rezidentlərin və qeyri-rezidentlərin köçürmələri. Belə köçürmələr xarici ölkədən mallar idxal edilənədək icra edildikdə, bu Qaydaların 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulmuş qabaqcadan ödəniş rejimi tətbiq olunur;”;

6. aşağıdakı məzmunda 4.3.2-1-ci yarımbənd əlavə edilsin:

“4.3.2-1. malların respublikanın gömrük ərazisinə gətirilmədən üçüncü ölkəyə göndərilməsi üzrə rezidentlərin və qeyri-rezidentlərin vasitəçilik fəaliyyəti ilə bağlı köçürmələri. Belə köçürmələrin məbləği vasitəçinin müvəkkil bankdakı hesabına mal alan tərəfindən əvvəlcədən köçürülən məbləğdən artıq olmamalı və vasitəçilik fəaliyyətini təsdiq edən müvafiq müqavilə (müqavilələr) banka təqdim edilməlidir;”;

7. aşağıdakı məzmunda 4.3.4-1-ci yarımbənd əlavə edilsin:

“4.3.4-1. rezidentlər tərəfindən beynəlxalq tenderlərin nəticələrinə müvafiq olaraq həyata keçirdikləri layihələrlə bağlı malların layihə həyata keçirilən xarici ölkəyə tədarük edilməsi məqsədilə köçürmələr. Belə köçürmələr rezidentin tenderdə iştirakını təsdiq edən sənəd və tender nəticəsində bağlanmış müqavilə, həmçinin malların tədarük edilməsi məqsədilə üçüncü tərəflə bağlanılan müqavilə, hesab-faktura və ya ödənişin təyinatını, məbləğini və alınan mallar barədə məlumatı özündə əks etdirən digər sənəd banka təqdim edilməklə həyata keçirilir;”;

8. 4.3.5-ci yarımbənddə nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və həmin yarımbəndə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Borc vəsaiti rezidentlərin və qeyri-rezidentlərin xaricdəki bank hesablarına mədaxil edildikdə, belə köçürmələr əlavə olaraq borc vəsaitinin bu Qaydaların 4-cü hissəsində nəzərdə tutulan məqsədlərlə istifadə edildiyini təsdiq edən sənədlər və istifadə edilmiş vəsaitin həcmini göstərən bank hesabından çıxarış təqdim edilməklə, borc vəsaitindən istifadə edilmiş miqdarda həyata keçirilir (rezident və ya qeyri-rezidentin xaricdəki bank hesabına köçürülmüş borc vəsaiti Azərbaycan Respublikasına malların və ya xidmətlərin idxal edilməsi üçün avans ödənişin edilməsi məqsədilə istifadə edildikdə həmin rezident və ya qeyri-rezidentin müvəkkil bankdakı hesabından borcun ödənilməsi məqsədilə vəsait köçürüldüyü gündən bu Qaydaların 4.3.1.3-cü yarımbəndində göstərilən qabaqcadan ödəniş rejimi tətbiq olunur);”;

9. aşağıdakı məzmunda 4.3.6-1-ci yarımbənd əlavə edilsin:

“4.3.6-1. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq qrant almaq hüququ olan resipiyentin sərəncamında maliyyə vəsaiti formasında qalan qrant məbləğinin köçürülməsi. Belə köçürmələr qrant müqaviləsi (qərar) ilə birlikdə qrant haqqında qanunvericiliyə müvafiq olaraq qrant müqaviləsinin (qərarın) qeydə alınması barədə sənəd və vəsaitin resipiyentin hesabına xaricdən daxil olmasını təsdiq edən bank sənədi təqdim edilməklə həyata keçirilir, bu şərtlə ki, müqavilədə (qərarda) qrant predmeti olan layihə başa çatdırıldıqdan sonra resipiyentin sərəncamında qalan maliyyə vəsaitinin geri qaytarılması nəzərdə tutulmuşdur;”;

10. 4.3.7.3-cü yarımbənddə “ödənilməsi” sözündən sonra “(təhsil haqlarının ödənilməsi zamanı təhsil müəssisəsinin ödənişin təyinatını, məbləğini və bank hesabının nömrəsini təsdiqləyən məktubu hesab-fakturanı əvəz edə bilər)” sözləri əlavə edilsin;

11. aşağıdakı məzmunda 4.3.7.5-ci və 4.3.7.6-cı yarımbəndlər əlavə edilsin:

“4.3.7.5. turizm fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən turistlərin səyahət xərclərinin ödənilməsi;

4.3.7.6. fiziki şəxslər tərəfindən xaricə səfərlə bağlı özlərinin nəqliyyat və otel (gecələmə) xərclərinin ödənilməsi;”;

12. aşağıdakı məzmunda 4.3.9-1-ci və 4.3.9-2-ci yarımbəndlər əlavə edilsin:

“4.3.9-1. qeyri-rezident hüquqi şəxs tərəfindən əvvəllər Azərbaycan Respublikasına nağd şəkildə gətirilmiş və ya həmin hüquqi şəxsin əvvəllər xaricdən bank hesabına köçürülmüş xarici valyutanın köçürülməsi. Belə köçürmələr müvafiq mədaxil sənədləri (nağd vəsaitlər üçün gömrük bəyannaməsinin əsli (sənəd elektron formada tərtib edildikdə, bank hesabının sahibi həmin sənədin elektron formada əldə edilməsini təmin etməlidir), yaxud xaricdən bank hesabına daxilolmanı təsdiq edən bank sənədi) banka təqdim edilməklə aparılır;

4.3.9-2. qeyri-rezidentin Azərbaycan Respublikasındakı filialının (nümayəndəliyinin) hesabına təsisçi tərəfindən səhvən köçürülmüş vəsaitin və ya məqsədli şəkildə köçürülmüş vəsaitin tam və ya istifadədən artıq qalan hissəsinin geri qaytarılması ilə bağlı köçürmələr (belə köçürmələrin aparılması üçün həmin vəsaitin filialın (nümayəndəliyin) hesabına köçürülməsini təsdiq edən bank sənədi ilə birlikdə həmin filialın (nümayəndəliyin) vergi borcunun olmaması barədə vergi orqanının arayışı və təsisçinin müvafiq yazılı müraciəti banka təqdim edilir);”;

13. 4.3.12-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“4.3.12. rezidentlər və qeyri-rezidentlər tərəfindən əmək müqaviləsi ilə xaricdən işə cəlb edilmiş qeyri-rezidentlərə əmək haqqının ödənilməsi, eləcə də bu əsaslar üzrə qeyri-rezidentlərin müvəkkil bankdakı hesabına köçürülmüş vəsaitin həmin qeyri-rezidentlər tərəfindən xaricə göndərilməsi ilə bağlı köçürmələr. Belə köçürmələr əmək haqqının ödənilməsi şərtləri və məbləğini əks etdirən müqavilə və ya işəgötürən tərəfindən həmin vəsaitin qeyri-rezidentin hesabına mədaxil edilməsini təsdiq edən bank sənədi, yaxud ödəniş günü üçün Elektron Hökumət Portalından onun iş yeri və əmək haqqısı barədə arayış əsasında aparılır;”;

14. aşağıdakı məzmunda 4.3.12-1-ci yarımbənd əlavə edilsin:

“4.3.12-1. idman yarışlarının nəticələrinə görə qeyri-rezidentlərə ödənilən mükafat və digər haqlarla bağlı köçürmələr. Belə köçürmələr müvafiq məbləğlərin ödənilməsini təsdiq edən sənəd banka təqdim edilməklə aparılır;”;

15. 4.3.13.2-ci yarımbənddə “köçürmələr” sözündən sonra “(bu məqsədlə vəsaitin xarici maliyyə institutunda açılmış xüsusi hesaba köçürülməsi tələb olunduqda, həmin hesabdan vəsaitlərin yalnız qiymətli kağızlar bazarında əməliyyatların həyata keçirilməsi üçün istifadə olunacağını əks etdirən sənəd banka təqdim olunur)” sözləri əlavə edilsin.