AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin Qərarı

Qəbul edildiyi tarix

10.02.2014

Qeydiyyat nömrəsi

04/01

Adı

“Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”ın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

22.03.2014

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.060.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201402100401

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

20.02.2014

 

 

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qlobal yeniliklər trendi kontekstində bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu ilə bağlı kredit risklərinin ölçülməsi meyarlarının təkmilləşdirilməsi və bu sahədə prudensial nəzarətinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci və 48.1.2-ci maddələrinə, habelə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən

 

Q Ə R A R A   A L I R:

 

1. “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar” təsdiq edilsin (əlavə olunur). [1]

2. “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar” Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarixdən bir ay sonra qüvvəyə minsin və qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 29 dekabr 2001-ci il tarixli qərarı ilə (26 nömrəli protokol) təsdiq olunmuş (17 yanvar 2002-ci il tarixli 2740 nömrəli şəhadətnamə) “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə risklərin tənzimlənməsi haqqında Qaydalar”, bu Qaydalara 25 avqust 2006-cı il tarixli qərarı ilə (26 nömrəli protokol) təsdiq olunmuş dəyişikliklər (26 sentyabr 2006-cı il tarixli 3242 nömrəli şəhadətnamə), 28 iyun 2004-cü il tarixli qərarı ilə (11 nömrəli protokol) təsdiq olunmuş əlavə və dəyişikliklər (17 iyul 2004-cü il tarixli 3069 nömrəli şəhadətnamə) və 30 aprel 2008-ci il tarixli qərarı ilə (15 nömrəli protokol) təsdiq olunmuş dəyişikliklər (20 may 2008-ci il tarixli 3395 nömrəli şəhadətnamə) ləğv edilsin.

3. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

 

Mərkəzi Bankın sədri                                                                                     E. Rüstəmov

 

 


 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Mərkəzi Bankı

Qərar ¹ 04/01

 

10 fevral 2014-cü il

 

 

Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar

 

1. Ümumi müddəalar

 

Bu Qaydalar “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və xarici bankların yerli filiallarında (bundan sonra - banklar) bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin, habelə məcmu iri kredit risklərinin maksimum miqdarı və bu normativlərin tətbiqi qaydalarını müəyyən edir.

 

2. Anlayışlar

 

2.0.                Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları daşıyır:

2.0.1.     kredit risklərinin maksimum miqdarı – bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə bankın kredit tələbinin yuxarı həddi;

2.0.2.     iri kredit riskinin miqdarı – bir borcalana və ya bir-biri ilə əlaqədar borcalanlar qrupuna qarşı bankın I dərəcəli kapitalının 10 (on) faizindən çox olan kredit tələbinin (iri kredit tələbi) məbləği;

2.0.3.     kredit tələbi – istənilən formada pul öhdəliklərinin icrası ilə bağlı bankın tələb hüquqları;

2.0.4.     borcalan – bankdan kredit, qarantiya (zaminlik) alan, yaxud bank qarşısında hər hansı formada pul öhdəliyi olan fiziki və ya hüquqi şəxs;

2.0.5.     qeyri-bank maliyyə təşkilatları – depozit (əmanət) cəlb edilməsi əməliyyatından başqa digər maliyyə xidmətlərini göstərən maliyyə təşkilatları (bank olmayan kredit təşkilatları, kredit ittifaqları, lizinq verənlər, sığorta, faktorinq, lombard təşkilatları və digər oxşar təşkilatlar);

2.0.6.     avtomobil kreditiavtomobil nəqliyyatı vasitəsinin əldə edilməsi məqsədi ilə verilən və ya təminat predmeti avtomobil nəqliyyatı vasitəsi olan kredit;

2.0.7.     avtomobil nəqliyyatı vasitəsi – fiziki şəxslərin şəxsi istifadəsi üçün aldıqları avtomobil nəqliyyatı vasitəsi.

 

3. Bir-biri ilə əlaqədar borcalanlar qrupu

 

3.1.           Borcalanlar aşağıdakı hallarda bir-biri ilə əlaqədar hesab olunurlar:

3.1.1.     borcalanlardan biri bankın digər borcalanı üzərində mühüm təsirə malik olduqda;

3.1.2.     eyni bir şəxs (borcalan olub-olmamasından asılı olmayaraq) bankın iki və ya daha çox borcalanı üzərində mühüm təsirə malik olduqda;

3.1.3.     hər hansı borcalanın öhdəlikləri üzrə birgə və ya subsidiar məsuliyyət daşıyan şəxs bankın borcalanı olduqda;

3.1.4.     bankın borcalanı olan iki və ya daha çox şəxsin öhdəlikləri üzrə eyni bir şəxs (borcalan olub-olmamasından asılı olmayaraq) birgə və ya subsidiar məsuliyyət daşıdıqda;

3.1.5.     bir borcalan bankdan aldığı krediti digər borcalana istənilən formada verdikdə, yaxud iki və ya daha çox borcalan bankdan aldıqları krediti birlikdə və ya ayrılıqda eyni şəxsə (borcalan olub-olmamasından asılı olmayaraq) köçürdükdə (iki və ya daha çox borcalanın kommersiya məqsədi ilə eyni malgöndərənə və ya xidmət göstərənə vəsaitin köçürüldüyü hallar istisna olmaqla);

3.1.6.     borcalanlar bankdan aldıqları kreditlərdən gəlir əldə etmək üçün birgə istifadə etdikdə;

3.1.7.     bir borcalanın gəlir və ya xərclərinin (o cümlədən, konsolidasiya olunmuş gəlir və xərclərin) 50 (əlli) faizindən çoxu bankın başqa borcalanı ilə əlaqəli olduqda;

3.1.8.     iki və ya daha çox borcalan tərəfindən öhdəliklərinin icrası üçün eyni mənbədən istifadə edildikdə və ya eyni təminat təqdim edildikdə, yaxud gəlirlərinin 50 (əlli) faizindən çoxu eyni şəxsdən əldə edildikdə.

3.2.           Aşağıdakı hallarda bir şəxs digər şəxsin üzərində mühüm təsirə malik hesab olunur:

3.2.1.     o, hüquqi şəxsin kapitalında 10 (on) və ya daha çox faizini təşkil edən mühüm iştirak payına malik olduqda;

3.2.2.     o, hüquqi şəxsin mühüm iştirak payına malik şəxsi, idarəetmə orqanları və ya digər səlahiyyətli şəxsi ilə bağlanmış müqavilə əsasında və ya başqa əsasda həmin hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərmək hüququ olan şəxs olduqda, yaxud onun işlərini idarə edə bildikdə;

3.2.3.     o, hüquqi şəxsin öhdəlikləri üzrə birgə və ya subsidiar məsuliyyət daşıyan təsisçisi (iştirakçısı) olduqda.

 

4. Kredit risklərinin maksimum miqdarı

 

4.1.                Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit tələblərinə aşağıdakılar daxildir:

4.1.1.          kredit tələbinin əsas məbləği;

4.1.2.          balansdankənar öhdəliklər;

4.1.3.          balansdan silinmiş borc;

4.1.4.          əldə edilmiş qiymətli kağızlar üzrə borc öhdəlikləri.

4.2.                Bankın bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit riskinin miqdarı aşağıdakılardan çox ola bilməz:

4.2.1.           kredit tələbi üzrə təminatın bazar dəyəri təmin etdiyi öhdəlik məbləğinin 100 (yüz) faizindən, təminat daşınmaz əmlak olduqda isə 150 (yüz əlli) faizindən az olmadıqda – bankın I dərəcəli kapitalının 20 (iyirmi) faizindən;

4.2.2.           kredit tələbi üzrə təminatın bazar dəyəri təmin etdiyi öhdəlik məbləğinin 100 (yüz) faizindən, təminat daşınmaz əmlak olduqda isə 150 (yüz əlli) faizindən az olduqda – bankın I dərəcəli kapitalının 7 (yeddi) faizindən;

4.2.3.            məcmu iri kredit risklərinin miqdarı – bankın I dərəcəli kapitalının 8 (səkkiz) mislindən.

4.3.                Azərbaycan Respublikasında, habelə beynəlxalq nüfuzlu reytinq agentlikləri (Standard&Poor`s, Fitch Ratings, Moody`s, bundan sonra - beynəlxalq reytinq agentlikləri) tərəfindən verilmiş minimum “BBB-” ölkə (suveren) borc reytinqinə malik ölkələrdə fəaliyyət göstərən banklar üzrə kredit tələbləri kredit risklərinin maksimum miqdarının hesablanmasında aşağıdakı kimi nəzərə alınır:

4.3.1.          bir günlük əməliyyatlar üzrə tələblərin (overnayt/intradey) 0%-i;

4.3.2.          banklararası təminatlı pul bazarı üzrə tələblərin 0%-i;

4.3.3.          müxbir hesab qalıqlarının 0%-i;

4.3.4.          müddəti bir ilədək olan tələblərin 25%-i;

4.3.5.          müddəti bir ildən üç ilədək olan tələblərin 50%-i;

4.3.6.          üç ildən artıq olan tələblərin 75%-i.

4.4.                Bu Qaydaların 4.3-cü bəndində nəzərdə tutulmayan ölkələrdə fəaliyyət göstərən banklar üzrə kredit tələbləri (bu Qaydaların 4.3.1-ci və 4.3.2-ci yarımbəndlərində nəzərdə tutulmuş tələblər istisna olmaqla) tam həcmdə kredit risklərinin maksimum miqdarının hesablanmasına daxil edilir.

4.5.                Bankın iri kredit tələbinin yaranması və ya kredit tələbinin bu həddə çatdırılması Müşahidə Şurasının qərarı ilə həyata keçirilir.

4.6.                Bankın qeyri-bank maliyyə təşkilatları üzrə kredit risklərinin maksimum miqdarı aşağıdakı kimi müəyyən olunur:

4.6.1.          bir qeyri-bank maliyyə təşkilatı üzrə kredit tələbi bankın I dərəcəli kapitalının 7 (yeddi) faizindən artıq olmamalıdır;

4.6.2.          qeyri-bank maliyyə təşkilatları üzrə məcmu kredit tələbləri I dərəcəli kapitalın 30 (otuz) faizindən artıq olmamalıdır.

4.7.                Bankın bir borcalanının avtomobil krediti üzrə kredit riskinin maksimum miqdarı aşağıdakı kimi müəyyən olunur:

4.7.1.          kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir il və bir ildən az olan avtomobil nəqliyyatı vasitəsinin qiyməti 30 (otuz) min manatdan artıq olduqda kreditin məbləğinin əldə edilən aktivin məbləğinə nisbəti 60 (altmış) faizdən çox olmamalıdır;

4.7.2.          kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir il və bir ildən az olan avtomobil nəqliyyatı vasitəsinin qiyməti 30 (otuz) min manat və ondan az olduqda kreditin məbləğinin əldə edilən aktivə nisbəti 50 (əlli) faizdən çox olmamalıdır;

4.7.3.          avtomobil nəqliyyatı vasitəsinin qiymətindən asılı olmayaraq kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir ildən çox olan avtomobil nəqliyyatı vasitələri üzrə kreditin məbləğinin əldə edilən aktivə nisbəti 20 (iyirmi) faizdən çox olmamalıdır.

 

5. Kredit risklərinin maksimum miqdarının hesablanması zamanı yol verilən istisnalar

 

5.1.                Kredit tələbinin təminatı qismində aşağıdakı təminat növləri çıxış etdikdə və bank təminat üzərində hüquqlarını qanunvericiliyə uyğun olaraq rəsmiləşdirdikdə, kredit tələbinin təmin olunmuş hissəsi, habelə üçüncü şəxslərə verilmiş pul öhdəlikləri (öhdəliyi qəbul edən şəxs onu əvvəlki borcalana geri qaytarmaq hüququna malik olmadıqda) bu Qaydaların 4-cü hissəsində müəyyən edilmiş normativlərin hesablanması zamanı nəzərə alınmır (hesablamaya daxil edilmir):

5.1.1.                 Azərbaycan Respublikasının dövlət qiymətli kağızları, habelə Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank) və Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu tərəfindən buraxılmış qiymətli kağızlar, dövlət zəmanəti və ya Mərkəzi Bankın qarantiyası (zaminliyi);

5.1.2.                 bank tərəfindən bloklaşdırılmış və müqaviləyə görə hesab sahibinin sərəncamı olmadan hesabdan silinməsinə bankın hüququ olan borclunun depozit hesabındakı milli və sərbəst dönərli xarici valyutada pul vəsaitlərinin (kredit tələbi təminatın valyutasında olmadıqda kredit tələbinin valyutasına ekvivalent məbləğdə) kredit tələbinə bərabər hissəsi;

5.1.3.                 İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (bundan sonra - İƏİT) daxil olan və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “A” ölkə (suveren) borc reytinqinə malik ölkələrin dövlət qiymətli kağızları və zəmanəti, habelə bu ölkələrin mərkəzi bankları tərəfindən buraxılmış qiymətli kağızlar və verilmiş qarantiyalar (zaminlik);

5.1.4.                 İƏİT ölkələrində fəaliyyət göstərən və beynəlxalq reytinq agentlikləri tərəfindən uzunmüddətli öhdəlikləri üzrə minimum “A” reytinqinə malik maliyyə təşkilatları, habelə minimum “BBB” reytinqinə malik depozit təşkilatları tərəfindən buraxılmış qiymətli kağızlar və verilmiş qarantiyalar (zaminlik);

5.2.                Aşağıdakı hallarda və müddətlərdə bank bu Qaydalarla müəyyən olunmuş normativlərin pozuntusunu aradan qaldırmalıdır:

5.2.1.                 bankın I dərəcəli kapitalının səviyyəsi azaldıqda – 60 (altmış) təqvim günü ərzində;

5.2.2.                 təminatın bazar dəyəri azaldıqda və ya itirildikdə – 30 (otuz) təqvim günü ərzində;

5.2.3.                 bir borcalan bir-biri ilə əlaqədar borcalanlar qrupuna çevrildikdə – 60 (altmış) təqvim günü ərzində.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.                           07 iyul 2017-ci il tarixli 17/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201707070171, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 iyul 2017-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 07 iyul 2017-ci il tarixli 17/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201707070171, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 iyul 2017-ci il) ilə ləğv edilmişdir.