AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

MƏHKƏMƏ-HÜQUQ ŞURASININ QƏRARI

Qəbul edildiyi tarix

06.02.2013

Qeydiyyat nömrəsi

1

Adı

Məhkəmə-Hüquq Şurasının 2005-ci il 11 mart tarixli qərarı ilə təsdiq edilmiş “Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamə”yə dəyişikliklər edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

16.02.2013

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

380.020.140

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

24201302060001

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

15.02.2013

 

 

“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun 12.0.3-cü və 12.0.13-cü maddələrini rəhbər tutaraq, Məhkəmə-Hüquq Şurası

 

Q Ə R A R A  A L I R:

 

1. Məhkəmə-Hüquq Şurasının 2005-ci il 11 mart tarixli qərarı ilə təsdiq edilmiş “Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamə”yə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 6.1-ci bəndin ikinci cümləsində “iki il altı aydır” sözləri “beş ildir” sözləri ilə əvəz edilsin.

1.2. 6.8-ci bəndin birinci cümləsində “qərarından” sözündən sonra “həmin qərar təqdim edildiyi gündən 10 gün müddətində” sözləri əlavə edilsin.

2. Məhkəmə-Hüquq Şurasının Aparatı (C.Hüseynov) “Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamə”ni bu dəyişikliklərlə birlikdə Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim etsin.

 

Sədr                                                                                              Fikrət Məmmədov

 

 


 

 

Məhkəmə-Hüquq Şurasının 11 mart 2005-ci il tarixli qərarı ilə təsdiq edilmişdir

 

 

HAKİMLƏRİN SEÇKİ KOMİTƏSİ HAQQINDA

Ə S A S N A M Ə

 

1. Ümumi müddəalar

 

1.1. Hakimlərin Seçki Komitəsi "Məhkəmə-Hüquq Şurası haqqında" və "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılır və vakant hakim vəzifələrini tutmaq istəyən hakim olmayan şəxslərin sənədlərini qəbul edir, bu şəxslərlə hakim peşəsinə yiyələnmək məqsədi ilə tədris kurslarına qəbul edilmək üçün şəffaf surətdə yazılı və şifahi imtahanlar təşkil edir, hakim vəzifəsinə namizədləri tədris müəssisəsində ilkin uzunmüddətli tədris kurslarına cəlb edir, müsahibə yolu ilə onların hakim olmağa peşə yararlılığını müəyyən edir.

1.2. Hakimlərin Seçki Komitəsi Məhkəmə-Hüquq Şurası tərəfindən formalaşdırılır.

1.3. Hakimlərin Seçki Komitəsi öz fəaliyyətini qanunçuluq, kollegiallıq, qərəzsizlik və obyektivlik prinsipləri əsasında qurur.

1.4. Hakimlərin Seçki Komitəsinin fəaliyyəti dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

1.5. Hakimlərin Seçki Komitəsi möhürə, müvafiq ştamplara və blanklara malikdir.

 

2. Hakimlərin Seçki Komitəsinin formalaşdırılması

 

2.1. Hakimlərin Seçki Komitəsi "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsində müəyyən edilmiş tərkibdə, əsasən, hakimlərdən, Məhkəmə-Hüquq Şurası Aparatının, Ədliyyə Nazirliyinin və prokurorluğun nümayəndəsindən, vəkil və hüquqşünas-alimdən formalaşdırılır.

2.2. Hakimlərin Seçki Komitəsinin tərkibinə ikili vətəndaşlığı, başqa dövlətlər qarşısında öhdəliyi olan, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, sahibkarlıq və kommersiya fəaliyyəti ilə məşğul olan şəxslər, din xadimləri daxil edilə bilməzlər. Məhkəmə-Hüquq Şurasının üzvü eyni zamanda Hakimlərin Seçki Komitəsinin üzvü ola bilməz.

2.3. "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş təminatlar Hakimlərin Seçki Komitəsinin üzvlərinə də şamil olunur.

2.4. Hakimlərin Seçki Komitəsinin üzvlüyünə namizədlər təmsilçilik kvotasına uyğun olaraq Azərbaycan Respublikasının Ali Məhkəməsi, Apellyasiya Məhkəmələri, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Baş Prokurorluğu, Məhkəmə-Hüquq Şurasının Aparatı və Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən Məhkəmə-Hüquq Şurasına təqdim edilirlər. Hüquqşünas-alim Məhkəmə-Hüquq Şurasının üzvləri tərəfindən irəli sürülən namizədlər sırasından seçilir.

2.5. Hakimlərin Seçki Komitəsinin hər üzvünün yerinə ən azı iki namizəd təqdim edilir. Bu namizədlər sırasından Komitə üzvü təyin edilmədikdə namizədləri təqdim etmiş orqan tərəfindən yenidən iki namizəd təqdim olunur. Hakim olmayan namizədlər ali hüquq təhsilinə və hüquqşünas ixtisası üzrə beş ildən artıq iş stajına malik olmalıdırlar.

2.6. Hakimlərin Seçki Komitəsinin üzvləri Məhkəmə-Hüquq Şurasının iclasında təyin olunurlar.

2.7. Hakimlərin Seçki Komitəsi üzvlərinin səlahiyyət müddəti beş ildir.

2.8. Hakimlərin Seçki Komitəsinin səlahiyyətlərinə aid bütün məsələlərin həllində Komitə üzvlərinin hüquqları bərabərdir.

2.9. Hakimlərin Seçki Komitəsinin üzvləri Məhkəmə-Hüquq Şurası tərəfindən xidməti vəsiqə ilə təmin edilirlər.

 

3. Hakimlərin Seçki Komitəsinin səlahiyyətləri

 

3.0. Hakimlərin Seçki Komitəsi:

3.0.1. vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin (bundan sonra-hakim vəzifəsinə namizədlər) sənədlərini qəbul edir;

3.0.2. imtahanların suallar toplusunun hazırlanmasını və ekspertizadan keçirilməsini təşkil edir;

3.0.3. öz tərkibindən imtahanların nəticələrinin qiymətləndirilməsinə cəlb edilən ad hoc komissiya formalaşdıra bilir;

3.0.4. hakim peşəsinə yiyələnmək məqsədi ilə tədris kurslarına qəbul edilmək üçün hakim vəzifəsinə namizədlərlə yazılı və şifahi imtahanlar təşkil edir;

3.0.4-1. yazılı imtahanın birinci fazasının Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi məqsədilə həmin quruma müraciət edir;[1]

3.0.5. ilkin uzunmüddətli tədris kurslarının tədris proqramını hazırlayır;

3.0.6. Məhkəmə Hüquq Şurası ilə birlikdə vakant hakim vəzifələrinə namizədlər üçün ilkin uzunmüddətli tədris kursları təşkil edir;

3.0.7. hakim vəzifəsinə namizədləri tədris müəssisəsində ilkin uzunmüddətli tədris kurslarına cəlb edir;

3.0.8. tədris dövründə davranışı qənaətbəxş olmayan, məşğələlərdə üzrsüz səbəbdən iştirak etməyən və tədris proqramını qavramayan hakim vəzifəsinə namizədlərin tədris müəssisəsinin təqdimatına əsasən tədris kurslarından geri çağırılması və onların namizədliklərinin ləğv edilməsi haqqında Məhkəmə-Hüquq Şurasına təklif verir;

3.0.9. müsahibə yolu ilə hakim vəzifəsinə namizədlərin hakim olmağa peşə yararlılığını müəyyən edir.

3.0.10. tədris kurslarının və yekun müsahibənin nəticələri əsasında hakim vəzifəsinə seçilmiş namizədlərin ixtisaslaşdırılması haqqında rəy (mülahizə) tərtib edir və onların hakim vəzifəsinə təyin edilməsi barədə Məhkəmə-Hüquq Şurasına təklif verir;

3.0.11. hakim vəzifəsinə namizədlərin seçilməsi prosesinin nəticələrini ümumiləşdirir;

3.0.12. test imtahanlarının sual bankını daimi təkmilləşdirir;

3.0.13. ilkin uzunmüddətli tədrisin təkmilləşdirilməsi üzrə təkliflər hazırlayır;

3.0.14. imtahanların yeni metodologiyalarını hazırlayır;

3.0.15. hakim vəzifəsinə namizədlərin seçilməsi prosedurunun təkmilləşdirilməsi üzrə təkliflər hazırlayır;

3.0.16. hakim vəzifəsinə namizədlərin seçilməsi, seçilmiş namizədlərin tədrisi sahəsində beynəlxalq təcrübəni öyrənir.

 

4. Hakimlərin Seçki Komitəsi üzvlərinin hüquq və vəzifələri

 

4.1. Hakimlərin Seçki Komitəsi üzvlərinin aşağıdakı hüquqları vardır:

4.1.1. Komitənin iclaslarında iştirak etmək, iclasın aparılmasına dair fikirlərini bildirmək, suallar vermək;

4.1.2. Komitənin səlahiyyətlərinə aid məsələlərin həllində iştirak etmək;

4.1.3. Komitənin səlahiyyətlərinə aid məsələlərə Komitənin iclasında baxılması üçün təkliflər vermək;

4.1.4. Komitənin iclasına təqdim edilmiş materiallarla tanış olmaq;

4.1.5. qəbul edilməsi təklif olunan qərara dair fikir söyləmək;

4.1.6. qəbul edilməsi təklif olunan qərarın lehinə və ya əleyhinə səs vermək, yaxud bitərəf qalmaq, qərar ilə razı olmadıqda xüsusi rəy vermək;

4.1.7. Komitənin qərarları, protokolları və digər sənədləri ilə tanış olmaq;

4.1.8. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

4.2. Hakimlərin Seçki Komitəsinin üzvləri:

4.2.1. öz fəaliyyətlərində Azərbaycan Respublikasının Konstitusiyasını, "Məhkəmə-Hüquq Şurası haqqında" və "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarını və bu Əsasnaməni rəhbər tutmalı;

4.2.2. Komitənin iclaslarında baxılan məsələlərə hüquq və ədalət əsasında qərəzsiz yanaşmalı;

4.2.3. Komitənin iclaslarını üzrsüz səbəbdən buraxmamalı;

4.2.4. Komitənin iclaslarında baxılan məsələlər üzrə səsvermədə iştirak etməli;

4.2.5. Hakimlərin Seçki Komitəsi üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli;

4.2.6. Komitənin iclaslarında baxılan məsələlər üzrə konfidensiallığa əməl etməli;

4.2.7. bu Əsasnamənin 2.2-ci bəndində nəzərdə tutulmuş tələbləri pozmamalıdırlar.

 

5. Hakimlərin Seçki Komitəsi üzvlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi

 

5.1. Hakimlərin Seçki Komitəsi üzvünün səlahiyyətlərinə Məhkəmə-Hüquq Şurası tərəfindən aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:

5.1.1. öz arzusu ilə Hakimlərin Seçki Komitəsi üzvlüyündən çıxmaq barədə yazılı ərizə verdikdə;

5.1.2. barəsində cinayət işinə bəraətverici əsaslar olmadan xitam verildikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmə qərarı olduqda;

5.1.3. şəxsin Hakimlərin Seçki Komitəsi üzvü olmasını istisna edən hallar aşkar edildikdə;

5.1.4. Komitədə müəyyən məhkəmə instansiyasını təmsil edən hakim digər məhkəmə instansiyasına işə keçirildikdə;

5.1.5. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyən edildikdə;

5.1.6. vəfat etdikdə;

5.1.7. məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə;

5.1.8. xəstəliyi ilə əlaqədar vəzifələrini yerinə yetirə bilmədikdə;

5.1.9. üzrsüz səbəbdən ardıcıl 3 dəfə və ya il ərzində üzrsüz səbəbdən altı dəfə Hakimlərin Seçki Komitəsinin iclaslarında iştirak etmədikdə;

5.1.10. bu Əsasnamənin 4.2-ci bəndində göstərilən vəzifələri icra etmədikdə;

5.1.11. Hakimlərin Seçki Komitəsi üzvü adına ləkə gətirən hərəkətə yol verdikdə.

5.2. Hakimlərin Seçki Komitəsi üzvünün səlahiyyətlərinə, habelə tutduğu vəzifədən azad edildikdə xitam verilə bilər.

5.3. Səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş Hakimlərin Seçki Komitəsi üzvünün yerinə yeni üzv onun səlahiyyət müddətinin qalmış hissəsinə bu Əsasnamənin 2.4.-2.6-ci bəndlərində nəzərdə tutulmuş qaydada təyin edilir.

 

6. Hakimlərin Seçki Komitəsinin işinin təşkili

 

6.1. Hakimlərin Seçki Komitəsinin üzvləri öz sıralarından Komitəyə sədr seçirlər. Sədrin səlahiyyət müddəti beş ildir. Eyni şəxs yenidən Komitəyə sədr seçilə bilər.

6.2. Sədr Hakimlərin Seçki Komitəsinin işini təşkil edir, Komitənin iclaslarını çağırır, həmin iclaslara sədrlik edir və Hakimlərin Seçki Komitəsinin səlahiyyətlərinə aid məsələləri baxılmaq üçün Komitənin iclaslarına çıxarır.

6.3. Hakimlərin Seçki Komitəsi səlahiyyətlərinə aid edilmiş məsələlərə Komitənin iclaslarında baxılır. Həmin iclaslar zərurət yarandıqca keçirilir.

6.4. Hakimlərin Seçki Komitəsinin iclasının tarixi, vaxtı, yeri və müzakirəyə çıxarılan məsələlər barədə məlumat Komitə üzvlərinə iclasa 3 gün, müstəsna hallarda isə 1 gün qalmış verilir.

6.5. Hakimlərin Seçki Komitəsinin iclası Komitənin 7 üzvü iştirak etdikdə səlahiyyətli sayılır.

6.6. Hakimlərin Seçki Komitəsi baxılan məsələlər üzrə qərarlar qəbul edir. Qəbul olunmuş qərarlar və iclas protokolları Hakimlərin Seçki Komitəsinin sədri və iclas katibi tərəfindən imzalanır.

6.7. Hakimlərin Seçki Komitəsinin qərarları açıq səsvermə yolu ilə, səsvermədə iştirak edən Komitə üzvlərinin sadə səs çoxluğu ilə qəbul olunur. Hakimlərin Seçki Komitəsinin sədri axırıncı səs verir. Səslər bərabər bölündükdə qərar qəbul edilmir. Qərar qəbul edilməyən məsələlər bir daha müzakirə edilir və yenidən səsə qoyulur.

6.8. Hakimlərin Seçki Komitəsinin qərarından həmin qərar təqdim edildiyi gündən 10 gün müddətində Məhkəmə-Hüquq Şurasına şikayət verilə bilər. Bu şikayətlərə "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada baxılır.

6.9. Hakimlərin Seçki Komitəsi öz fəaliyyətini Məhkəmə-Hüquq Şurası və Ədliyyə Nazirliyi ilə qarşılıqlı əlaqədə qurur.

6.10. Hakimlərin Seçki Komitəsinin iclaslarının hazırlanmasına dair təşkilati işlər, Komitənin iclas protokolunun aparılması, Komitənin qəbul etdiyi qərarların icrası, hakim vəzifəsinə namizədlərin sənədlərinin bilavasitə qəbul edilməsi və hakim vəzifəsinə namizədlərin seçilməsi ilə bağlı digər təşkilati işlər Məhkəmə-Hüquq Şurasının Aparatı tərəfindən həyata keçirilir.

 

11 aprel 2008-ci il, 06 fevral 2013-cü il və 17 sentyabr

2019-cu il tarixdə edilmiş dəyişikliklərlə

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       17 sentyabr 2019-cu il tarixli 3 nömrəli Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 24201909170003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 sentyabr 2019-cu il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 17 sentyabr 2019-cu il tarixli 3 nömrəli Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 24201909170003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 sentyabr 2019-cu il) ilə “Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamə”yə yeni məzmunda 3.0.4-1-ci bənd əlavə edilmişdir.