AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRARI
Qəbul edildiyi tarix: 16.02.2004
Qeydiyyat nömrəsi: 12
Adı: «Arxiv xidməti təşkilatlarının maddi-texniki təchizatının təkmilləşdirilməsi, arxiv xidmətinin lazımi binalarla təmin olunması, mövcud arxiv binalarında təmir və bərpa işlərinin aparılması, arxiv işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə Proqram»ın təsdiq edilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə: Azərbaycan Respublikasının Qanunvericilik Toplusu № 02 Dərc olunma tarixi 29-02-2004 Maddə nömrəsi 118
Qüvvəyə minmə tarixi: 16.02.2004
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu:
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 14200402160012
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix:


«Arxiv xidməti təşkilatlarının maddi-texniki təchizatının təkmilləşdirilməsi, arxiv xidmətinin lazımi binalarla təmin olunması, mövcud arxiv binalarında təmir və bərpa işlərinin aparılması, arxiv işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə Proqram»ın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

«Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 dekabr tarixli 816 nömrəli Fərmanının 2-ci bəndinin dördüncü abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 1. «Arxiv xidməti təşkilatlarının maddi-texniki təchizatının təkmilləşdirilməsi, arxiv xidmətinin lazımi binalarla təmin olunması, mövcud arxiv binalarında təmir və bərpa işlərinin aparılması, arxiv işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə Proqram» təsdiq edilsin (əlavə olunur).

 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 16 fevral 2004-cü il

                    № 12

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2004-cü il 16 fevral tarixli 12 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 Arxiv xidməti təşkilatlarının maddi-texniki təchizatının təkmilləşdirilməsi, arxiv xidmətinin lazımi binalarla təmin olunması, mövcud arxiv binalarında təmir və bərpa işlərinin aparılması,  arxiv işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə

 Proqram

 

 Azərbaycan Respublikasının arxiv xidməti təşkilatları xalqımızın çoxəsrlik tarixini öyrənmək üçün nadir və qiymətli sənədlərin toplandığı və  mühafizə olunduğu elmi-tədqiqat mərkəzləridir. Müstəqil Azərbaycan Respublikasının arxiv xidməti geniş şəbəkəyə malikdir. Bu gün  ölkəmizdə 7 respublika dövlət arxivi, onların 15 filialı, habelə Naxçıvan Muxtar Respublikasının və 56 rayonun dövlət arxivi fəaliyyət  göstərir. Elmin, mədəniyyətin və ictimai həyatın ən müxtəlif sahələrini özündə əks etdirən həmin arxivlərdə 4 milyondan yuxarı saxlama  vahidi mühafizə olunur.

 Müstəqil Azərbaycan Respublikasında arxiv xidmətinin qanunvericilik bazasını «Milli arxiv fondu haqqında» Azərbaycan Respublikasının  1999-cu il 22 iyun tarixli 694 nömrəli Qanunu təşkil edir. Həmin Qanun ölkəmizdə arxiv xidmətinin fəaliyyətini tənzimləyir, onun idarə  olunması prinsiplərini, arxiv işi sahəsində dövlətin vəzifələrini müəyyən edir. Arxiv fondu yeni materiallarla daim zənginləşən mühüm bir  mənbədir. Azərbaycan xalqının tarixinin müxtəlif mərhələlərinə aid yüz minlərlə iş və sənəd müntəzəm olaraq dövlət arxivlərinə qəbul  olunur, ictimai elmlərin, xüsusilə tarix elminin tədqiqat bazasını daha da genişləndirir.

 Bununla yanaşı arxiv xidmətinin statusu və strukturu müstəqil Azərbaycan Respublikasında gedən dövlət quruculuğu işlərinin tələblərinə  tam cavab vermir. Arxiv işi sahəsində bu günə qədər vahid informasiya bazasının yaradılmaması, elektron informasiya daşıyıcılarının  imkanlarından lazımınca istifadə olunmaması, arxiv xidməti təşkilatlarının maddi-texniki təchizatının müasir standartlara uyğun gəlməməsi  bu sahədə problemlər yaradır. Problemlərin bir qismi də arxiv binalarının çatışmazlığı və ya mövcud binaların yararsız vəziyyətdə olmasıdır.

1. Proqramın məqsəd və vəzİfələrİ

 Arxiv xidməti təşkilatlarının maddi-texniki təchizatının təkmilləşdirilməsi, arxiv xidmətinin lazımi binalarla təmin olunması, mövcud arxiv  binalarında təmir və bərpa işlərinin aparılması, arxiv işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə Proqramın əsas məqsədi «Milli arxiv  fondu haqqında» Azərbaycan Respublikasının Qanununda, habelə digər müvafiq hüquqi aktlarda nəzərdə tutulmuş müddəalara uyğun  olaraq arxiv işi sahəsində dövlət siyasətinin həyata keçirilməsini, ölkəmizdə elmin inkişafını və vətəndaşların sosial-hüquqi xarakterli  tələblərini təmin edən tarixi sənədlərin toplanılmasını, mühafizəsini və onlardan istifadəni təmin etməkdən ibarətdir.

 Proqramın əsas vəzifəsi aşağıdakılardır:

 bütün mövcud potensiallardan istifadə edərək Azərbaycan Respublikasında arxiv işinin hərtərəfli inkişafına nail olmaq;

  ölkənin mənəvi sərvəti olan arxiv sənədlərinin mühafizəsi üçün lazımi maddi-texniki baza yaratmaq, dövlət arxivlərini lazımi binalarla  təmin etmək;

  arxiv işi sahəsində müasir tələblərə cavab verən vahid elektron informasiya bazası yaratmaq;

  arxiv xidməti binalarını müasir tipli texniki avadanlıqla təmin etmək;

  mövcud arxiv binalarını əsaslı təmir etmək, onlarda saxlanılan sənədlərin etibarlı mühafizəsi üçün optimal istilik və rütubət rejimi  yaratmaq;

  xalqımızın tarixinə aid dünya ölkələrinin arxiv, muzey və kitabxanalarında saxlanılan nadir sənədləri aşkar edərək surətlərini  toplamaq.

2. Gözlənİlən nətİcələr

 Proqramda yerinə yetirilməsi nəzərdə tutulan tədbirlər aşağıdakı nəticələri əldə etməyə imkan verəcəkdir:

 respublika dövlət arxivlərinin işi müasir tələblər səviyyəsində qurulacaq və bu sahədə pərakəndəliyi aradan qaldırmağa imkan  yaradacaq;

  dövlət arxivlərinin yeni binalarla və avadanlıqlarla təmin olunması arxiv sənədlərinin mühafizəsi işini yaxşılaşdıracaq;

  nazirlik, komitə, idarə, təşkilat və müəssisələrdə dövlət mühafizəsinə veriləcək işlərin qəbulu üçün şərait yaranacaq;

  dövlət arxivlərində elektron informasiya daşıyıcılarının imkanlarından istifadə etməklə vahid informasiya bazasının yaradılması arxiv  sənədlərindən səmərəli istifadənin yaxşılaşdırılmasına imkan verəcək;

  arxiv işi sahəsində beynəlxalq əməkdaşlığın inkişafına təkan verəcək.